JET School

BloqTarix: 21.01.2026 09:48

UX/UI dizaynerin 
bir günü

UX/UI dizaynerin 
bir günü

Telefonunuzu ələ götürüb Instagram-ı açanda, oradakı gözəl düymələr, rahat menyu və xoşunuza gələn rənglər özü-özünə yaranmır. Bunların hamısının arxasında real insanlar var - UX/UI dizaynerlər. Onlar tətbiqləri, saytları və oyunları elə dizayn edirlər ki, istifadə etmək asan və xoşagələn olsun.

Bir çox uşaq fikirləşir ki, bu peşə yalnız şəkil çəkmək və ya rəng seçməkdir. Əslində bu, daha maraqlı və mürəkkəb bir işdir. Gəlin birlikdə baxaq ki, UX/UI dizayner əslində nə edir və bu peşə nə ilə maraqludur.

Gündəlik iş necə gedir?

Dizaynerin günü komanda yığıncağı ilə başlayır. Burada hamı danışır ki, hansı problem var və nəyi düzəltmək lazımdır. Məsələn, bir tətbiqdə istifadəçilər düyməni tapa bilmir, onu daha görünən etmək lazımdır.

Sonra dizayner araşdırmaya başlayır. İstifadəçilərlə danışır, başqa tətbiqləri nəzərdən keçirir, fikirləşir ki, bu problemi necə həll etmək olar. Sonra gəlir ən maraqlı hissə — Figma kimi proqramda səhifələri, düymələri, menyuları yerləşdirir. Rənglər seçir, şriftləri müəyyən edir, hər şeyi elə qurur ki, istifadəçi üçün rahat olsun.

Hazır dizaynı proqramçılara göstərir və onlar kodla həyata keçirirlər. Amma iş burada bitmir, tətbiq nəşr olunandan sonra dizayner yenə də yoxlayır ki, hər şey düzgün işləyirmi, lazım gələrsə dəyişikliklər edir.

Bu işin gözəl tərəfləri

Bu peşədə kreativlik və məntiq birləşir. Həm gözəl şeylər yaradırsınız, həm də real problemləri həll edirsiniz. İşinizin nəticəsini dərhal görürsünüz, insanlar sizin dizayn etdiyiniz tətbiqi hər gün istifadə edirlər.

Daha bir əla xəbər odur ki, dizaynerlərin çoxu uzaqdan işləyir. Evdən, kafelərdən, hətta səyahətdə işləmək mümkündür. Əsas komputer və internet olsun.

UX və UI nə deməkdir?

Bəlkə başınız qarışıb - UX və UI arasında fərq nədir? Sadə izah edək. UX (User Experience) istifadəçi təcrübəsi deməkdir. Bu, tətbiqin necə işlədiyidir, nə qədər rahat olduğudur, istifadəçi nə qədər asan məqsədinə çatır.

UI (User Interface) isə tətbiqin necə göründüyüdür - rənglər, düymələr, şriftlər, bütün vizual elementlər. Məsələn, bir restoran tətbiqi düşünün. UX dizayner fikirləşir: insanlar necə sifariş verəcək, neçə kliklə yemək seçəcəklər, ödəniş prosesi sadə və anlaşıqlımı?

UI dizayner isə bu səhifələri gözəl edir - dadlı yemək şəkilləri qoyur, oxunaqlı şriftlər seçir, iştah açan rənglər işlədir. Çox vaxt bir dizayner hər iki işi görür, amma böyük şirkətlərdə UX və UI dizaynerlər ayrı-ayrı ola bilər.

Nə öyrənmək lazımdır?

Proqramlar bilmək vacibdir. Ən populyar proqram Figma-dır və o, pulsuzdur. Adobe XD və Sketch da işlədilir. Amma proqramı bilmək kifayət deyil.

Dizayner insanları başa düşməyi bacarmalıdır. Hansı rəng gözə xoş gəlir? Düymə harada olmalıdır ki, insan onu rahatlıqla tapsın? İnsanlar tətbiqdə nə axtarırlar və onlara necə kömək etmək olar? Bu suallara cavab tapmaq lazımdır.

Həm də komandada işləməyi bacarmalısınız. Proqramçılarla, menecerlərlə, başqa dizaynerlərlə əlaqə qurmaq, fikirlərinizi aydın izah etmək, rəy qəbul etmək və müzakirə etmək çox vacibdir.

Haradan başlamaq olar?

Əgər bu peşə sizə maraqlı gəlirsə, ilk addım çox sadədir - Figma proqramını yükləyin və sadə dizaynlar çəkməyə başlayın. YouTube-da pulsuz dərslər çoxdur, onlara baxın və addım-addım təlimatları izləyin.

Sevdiyiniz tətbiqləri açıb onların dizaynını təhlil edin, niyə bu düymə məhz buradadır, niyə bu rəng seçilib, səhifələr necə qurulub. Bu, sizə çox şey öyrədəcək.

Portfolio yaratmaq çox vacibdir. Özünüz üçün layihələr çəkin, məsələn, bir kitab mağazası tətbiqi, oyun interfeysi və ya sevdiyiniz kafe üçün sifariş sistemi dizayn edin. Hətta real olmasa da, bu sizin bacarığınızı göstərər və işə müraciət edəndə portfeliniz olacaq.

Onlayn kurslarda öyrənmək də yaxşı variantdır - orada strukturlu bilik və real tapşırıqlar verilir. Amma ən vacib şey təcrübədir. Nə qədər çox dizayn çəksəniz, bir o qədər yaxşı olarsınız və öz üslubunuzu taparsınız.

Bu peşə kimə uyğundur?

Əgər kompüterlə işləməyi, yaratmağı və insanlara kömək etməyi sevirsinizsə, bu peşə sizin üçün ola bilər. Detalara diqqət yetirən, səbirli və hər gün yeni şeylər öyrənməyə açıq insanlar yaxşı dizayner olurlar.

UX/UI dizayner peşəsi gələcək üçün əla seçimdir. Texnologiya hər gün inkişaf edir, yeni tətbiqlər və saytlar yaranır, şirkətlər öz məhsullarını təkmilləşdirirlər. Dizaynerlərə ehtiyac azalmır, əksinə artır. Bu, həm yaradıcı, həm də tələb olunan bir sahədir.

Teqlər:

UXUIUX UI Designдизайнерjetschooljet school

Post tapılmadı

IT Kurslarımız haqqında məlumat almaq üçün qeydiyyatdan keçin