Kompüter necə yığılır

Kompüter yığmağa haradan başlamaq lazımdır?
Çoxları ilk olaraq prosessor və ya videokarta diqqət yetirir. Lakin bütün sistemin əsası ana platadır. Məhz ana plata bütün komponentləri birləşdirir və hansı detalların quraşdırıla biləcəyini, onların bir-biri ilə necə işləyəcəyini müəyyən edir. Yaxşı ana plata kompüterin əsasını təşkil edir, bütün komponentlərin stabil işləməsini təmin edir və gələcəkdə sistemin yenilənməsi (upgrade) imkanlarını müəyyənləşdirir.
Çipset seçmək prinsipi

Ana platanın müasir çipsetə malik olması vacibdir. Çipset prosessorun, operativ yaddaşın, yaddaş qurğularının və digər cihazların qarşılıqlı işləməsinə cavabdehdir. Çipset nə qədər yeni və funksional olarsa, kompüterin imkanları da bir o qədər geniş olar və komponentlər arasında məlumat mübadiləsi daha sürətli həyata keçirilər.
Digər vacib məqamlardan biri müasir interfeyslərin və PCI Express xətlərinin dəstəklənməsidir. Bu xətlər vasitəsilə videokart və sürətli yaddaş qurğuları qoşulur. İnterfeyslərin versiyası nə qədər yeni və sayı nə qədər çox olarsa, bir o qədər güclü və müasir komponentləri quraşdırmaq mümkün olur.
Beləliklə, yaxşı çipset müasir prosessorları, sürətli operativ yaddaşı və yeni interfeysləri dəstəkləyən, sistemin stabil işləməsini təmin edən və gələcəkdə yenilənmə imkanı yaradan çipsetdir.
Əvvəllər çipset iki əsas hissədən ibarət idi — şimal və cənub körpüsü. Şimal körpüsü ən sürətli komponentlərin işləməsinə cavabdeh idi: prosessor, operativ yaddaş və videokart. Cənub körpüsü isə daha yavaş qurğuları — sabit diskləri, USB portlarını, şəbəkə və digər periferik cihazları idarə edirdi. Zaman keçdikcə texnologiyalar inkişaf etdi və şimal körpüsünün funksiyaları birbaşa prosessora inteqrasiya olundu. Bu isə sistemin ümumi sürətini əhəmiyyətli dərəcədə artırdı.
Prosessor(CPU Central Processing Unit)

Prosessor kompüterin əsas “beyni”dir. O, bütün mürəkkəb hesablamaları yerinə yetirir və məlumatların emal sürətini müəyyənləşdirir. Prosessorun takt tezliyi gigahers (GHz) ilə ölçülür. Tezlik hər bir nüvənin işləmə sürətinə təsir edir, nüvələrin sayı isə eyni anda icra olunan tapşırıqların sayını müəyyən edir.
Prosessor seçərkən onun dəstəklədiyi operativ yaddaşın (RAM) tezliyini də nəzərə almaq vacibdir. Həmişə ən güclü prosessoru seçmək düzgün yanaşma deyil. Məsələn, əgər ana plata 20 nüvəli prosessoru dəstəkləyirsə, əksər hallarda 12 nüvəli model kifayət edir. Bu, sistemin sabit işləməsini təmin edir, performans üçün ehtiyat yaradır və resurslardan daha səmərəli istifadə etməyə imkan verir.
Sadə bir müqayisə ilə desək, 3 ton yükgötürmə qabiliyyətinə malik yük maşını 2–2,5 ton yük daşıyarkən daha effektiv işləyir. Prosessor üçün də eyni prinsip keçərlidir — onun imkanlarını daim 100% istifadə etmək lazım deyil ki, sistem sabit qalsın və daha uzunömürlü olsun.
Operativ yaddaş(RAM — Random Access Memory)

Növbəti mühüm komponent operativ yaddaşdır (RAM). Bu, enerji asılı yaddaşdır və aktiv proqramların, oyunların məlumatlarını müvəqqəti saxlayır, daha sonra isə bu məlumatları prosessora emal üçün ötürür. Operativ yaddaşın həcmi nə qədər böyük, tezliyi nə qədər yüksək olarsa, komponentlər arasında məlumat mübadiləsi bir o qədər sürətli olur.
Operativ yaddaş(RAM) modullar şəklində quraşdırılır. Məsələn, bir modul 16 GB ola bilər. İki belə modul quraşdırıldıqda ümumi həcm 32 GB təşkil edir. Bundan əlavə, iki modulun istifadəsi iki kanallı rejimi aktivləşdirir ki, bu da məlumat ötürülmə sürətini artırır.
RAM seçərkən bir neçə vacib məqama diqqət yetirmək lazımdır. İlk olaraq, ana kartın və onun çipsetinin hansı növ yaddaşı dəstəklədiyini yoxlamaq lazımdır (məsələn, DDR4 və ya DDR5). Əgər ana kart DDR4 dəstəkləyirsə, DDR5 modullarını quraşdırmaq mümkün olmayacaq.
İkinci mühüm məqam yaddaşın tezliyidir. Bu tezlik həm prosessor, həm də ana kart tərəfindən dəstəklənməlidir. Məsələn, əgər ana kart 5600 MHz tezlikdə RAM ilə işləyə bilirsə, lakin prosessor yalnız 4800 MHz dəstəkləyirsə, 5600 MHz modullar quraşdırılsa belə, onlar 4800 MHz tezlikdə işləyəcək. Buna görə daha yüksək tezlik üçün əlavə xərc çəkmək hər zaman məntiqli olmur.
Videokart(GPU — Graphics Processing Unit)

Növbəti mərhələdə videokart seçimi gəlir. Əgər kompüter oyunlar və ya qrafik işlər üçün yığılırsa, videokart xüsusi əhəmiyyət kəsb edir. O, qrafikanın, şəkillərin və üçölçülü (3D) səhnələrin emalına cavabdehdir və bu səbəbdən oyunlarda və qrafik proqramlarında əsas komponent hesab olunur.
Videokart seçərkən ilk növbədə onun məhsuldarlığına diqqət yetirmək lazımdır. Bu isə əsasən qrafik prosessordan (GPU) asılıdır. Qrafiklə bağlı bütün hesablamaları məhz GPU həyata keçirir. Nə qədər güclüdürsə, videokart müasir oyunlar və mürəkkəb qrafik tapşırıqlarla bir o qədər yaxşı işləyir.
Həmçinin videoyaddaşın (VRAM) həcmi də vacib rol oynayır. Bu yaddaş teksturaları, modelləri və digər qrafik məlumatları saxlayır. Müasir oyunlar üçün adətən 8 GB VRAM kifayət edir, daha ağır qrafik tapşırıqları üçün isə 12–16 GB tələb oluna bilər. Videoyaddaşın tipi və sürəti də önəmlidir. Müasir videokartlarda GDDR6 və ya GDDR6X yaddaşı istifadə olunur ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir.
Videokartın qoşulma interfeysinə də diqqət yetirilməlidir. Müasir videokartlar ana plataya PCI Express (PCIe) x16 slotu vasitəsilə qoşulur və bu interfeys yüksək ötürmə qabiliyyəti təmin edir.
Bundan əlavə, videokartın ölçüsü və soyutma sistemi də nəzərə alınmalıdır. Güclü videokartlar böyük ölçülü olur və korpusda iki və ya üç slot yer tuta bilər. Buna görə əvvəlcədən onun korpusa uyğun olub-olmadığını yoxlamaq vacibdir. Eyni zamanda enerji sərfiyyatı və qida blokuna olan tələblər də nəzərə alınmalıdır.
Videokart seçərkən istifadə olunacaq monitorun çözünürlüğü də önəmlidir. Full HD (1920×1080) üçün orta səviyyəli videokart kifayət edir. 2K (2560×1440) üçün daha güclü model, 4K (3840×2160) üçün isə yüksək səviyyəli videokart tələb olunur. Çözünürlük artdıqca qrafik prosessor və videoyaddaş üzərinə düşən yük də artır.
Lakin hər zaman ən bahalı və ən güclü modeli seçmək vacib deyil. Əgər istifadə ssenariniz üçün orta səviyyəli videokart kifayət edirsə, daha bahalı modellər arasında fərq praktik olaraq çox hiss olunmaya bilər. Buna görə seçim edərkən qiymət-performans balansını nəzərə almaq daha məqsədəuyğundur.
Daxili videokart(GPU — Graphics Processing Unit)
Daxili videokart yüksək qrafika tələb etməyən istifadəçilər üçün uyğun seçimdir. Bu variant gündəlik tapşırıqlar üçün kifayət qədər sürətli və eyni zamanda daha sərfəli kompüter yığmağa imkan verir. Bu halda ayrıca videokarta və daha güclü qida blokuna ehtiyac olmadığından ümumi büdcəyə xeyli qənaət etmək mümkündür.
Müasir inteqrasiya olunmuş qrafik nüvələr kifayət qədər inkişaf edib. Məsələn, Intel prosessorlarının təxminən 7-ci nəsildən sonrakı modellərində daxili qrafika 4K videoların problemsiz oynadılmasını dəstəkləyir. Daha yeni, 11-ci nəsildən başlayaraq isə 8K videolar və müasir videokodeklərlə işləmək mümkündür.
Lakin əgər kompüter oyunlar, 3D modelləşdirmə, oyun hazırlığı və ya ağır videomontaj üçün nəzərdə tutulursa, ayrıca videokartdan istifadə zəruridir.
Enerjidən asılı olmayan yaddaş — SSD(Solid State Drive) və HDD(Hard Disk Drive)

Növbəti mərhələ yaddaş qurğusunun seçimidir. Müasir kompüterlərdə əsasən SSD istifadə olunur, çünki onlar əməliyyat sisteminin və proqramların daha sürətli yüklənməsini təmin edir. Əgər ana plata M.2 NVMe interfeysini dəstəkləyirsə, məhz bu tip yaddaşdan istifadə etmək daha məqsədəuyğundur. Çünki onlar SATA ilə qoşulan klassik 2.5 düymlük SSD-lərlə müqayisədə xeyli daha sürətlidir.
Böyük həcmdə məlumatların saxlanması üçün əlavə olaraq HDD istifadə etmək olar. Bu tip yaddaş qurğuları uzunmüddətli saxlama üçün daha uyğundur.
Qida bloku (PSU — Power Supply Unit)

Qida bloku bütün komponentləri sabit enerji ilə təmin edir. Keyfiyyətli qida bloku xüsusilə 12 V xətti üzrə sabit gərginlik təqdim edir ki, bu da prosessor və videokartın düzgün işləməsi üçün vacibdir.
Qida bloklarının enerji səmərəliliyi 80 PLUS sertifikatları ilə müəyyən olunur. Bu sertifikatlar 80 PLUS Bronze, Silver, Gold, Platinum və Titanium səviyyələrini əhatə edir. Səviyyə yüksəldikcə enerji itkiləri azalır, istilik daha az yaranır və cihaz daha səssiz işləyir.
Qida blokunun gücünü ehtiyatla seçmək tövsiyə olunur. Məsələn, sistem təxminən 500 Vt enerji sərf edirsə, 650–800 Vt gücündə qida bloku seçmək daha optimaldır. Bu, həm stabil işləmə, həm də gələcək yeniləmələr üçün ehtiyat yaradır.
Prosessorun soyudulması

Prosessorun soyudulması sistemin sabitliyi üçün kritik əhəmiyyət daşıyır. İş zamanı prosessor istilik yaradır və bu istilik vaxtında uzaqlaşdırılmasa, temperatur yüksəlir. Nəticədə prosessor tezliyini azaldır və performans aşağı düşür.
Ən çox istifadə olunan soyutma növləri hava və maye soyutmadır. Hava soyutması radiator və ventilyatordan ibarətdir: radiator istiliyi qəbul edir, ventilyator isə onu sistemdən uzaqlaşdırır. Bu üsul sadə, etibarlı və əksər istifadəçilər üçün kifayət qədər effektivdir. Soyutma seçərkən prosessorun istilik ayrılması (TDP), kulerin ölçüsü və korpusla uyğunluğu nəzərə alınmalıdır.
Ümumi olaraq belə bir bölgü tətbiq olunur:
65 W-a qədər — sadə kuler kifayətdir;
65–125 W — orta ölçülü tower tipli kuler tövsiyə olunur;
125 W və daha çox — güclü hava soyutması və ya maye soyutma tələb olunur.
Həmçinin nəzərə almaq lazımdır ki, müasir prosessorlar qısa müddətdə TDP-dən daha çox enerji sərf edə bilər (Turbo Boost). Buna görə soyutma sistemini müəyyən ehtiyatla seçmək daha düzgündür.
Termopasta da vacib elementdir. O, prosessor ilə kuler arasında tətbiq olunur və istiliyin daha effektiv ötürülməsini təmin edir. Düzgün tətbiq edildikdə soyutma sisteminin effektivliyi əhəmiyyətli dərəcədə artır.
Korpus

Son olaraq korpus seçimi gəlir. Korpus sistemin ümumi soyudulmasına birbaşa təsir edir. Geniş və düzgün qurulmuş korpus hava axınının effektiv təşkilinə imkan verir. Adətən ön hissədə havanı içəri çəkən, arxa hissədə isə havanı çıxaran ventilyator kifayət edir. Zərurət olduqda yuxarı hissədə əlavə ventilyatorlar da quraşdırıla bilər.
Düzgün qurulmuş ventilyasiya sistemi kompüterin daha səssiz və stabil işləməsinə kömək edir, eyni zamanda komponentlərin xidmət müddətini uzadır.

Müəllif
Emil Namazəliyev
IT mütəxəssisi





